MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİ

Buro haqqinda

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın ilk nəticəəsaslı monitorinq və qiymətləndirilməsi aparılıb

  “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın ilk nəticəəsaslı monitorinq və qiymətləndirilməsi aparılıb   Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Qeyd edək ki, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib. Bu indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət Proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülmüş işlərin yaradacağı nəticələr əsasında (nəticəəsaslı) aparılmışdır. Eyni zamanda Agentlik üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması və s. istiqamətlərdə 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb.  Ümumilikdə, 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar AQTA və Kənd Təsərrüfatı Nazirliyidir. Müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilmişdir. Dövlət Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və  gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticəəsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb. Müvafiq yanaşmaya əsasən monitorinq və qiymətləndirmə 2019-cu il üzrə ilkin buraxılış indikatorları üzərindən aparılıb.    
Buro haqqinda

“Monitoring.az” portalının təqdimatı keçirilib

  “Monitoring.az” portalının təqdimatı keçirilib   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP şirkəti ilə birgə hazırladığı yeni “monitoring.az” portalının təqdimat mərasimi keçirilib. Portalın yaradılmasının əsas məqsədi strateji yol xəritələrinin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasında olan “kommunikasiya məsafəsini” azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır. Təqdimat mərasimini giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökümət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. İİTKM strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir. V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqlarının nəticəsi olduğunu qeyd edib: “Monitoring.az portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində Böyük Verilənlər (Big Data) bazası yaratmağa imkan yaradır. Digər tərəfdən Azranking.az portalı isə Verilənlər Bazasından istifadə etməklə islahatların generasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. Gələcəkdə Monitorinq.az və Azranking.az portalları arasında funksional əlaqə “müdrik çevrə” yaradacaq. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın özünəməxsus iqtisadi islahatların idarəedilməsi modeli yaradılmışdır. Monitoring.az portalı İİTKM-in monitorinq institutu kimi qiymətləndirmə, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də sürətlənməsinə müsbət təsir göstərəcək.”  Daha sonra BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli İİTKM-in BP ilə elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək layihəsinin uğurla başa çatmasından məmnunluq ifadə edib: “BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.” Qeyd edək ki, elektron portalın fəaliyyətə başlaması ölkədə monitorinq və qiymətləndirmə prosesinin hesabatlılıq, şəffaflıq, çeviklik, obyektivlik, qanunun aliliyi, səmərəli qərar qəbuletmə və yaxşı idarəetmə prinsiplərinə əsaslanmaqla koordinasiyasına imkan yaradacaqdır. Belə idarəetmə ilk növbədə ədalətli təmsilçiliyə, bürokratik prosedurların azalmasına, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir. Belə bir portalın istismara verilməsi elektron platforma vasitəsilə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, məlumat mübadiləsinə sərf olunan vaxtın maksimum azaldılmasına şərait yaradacaqdır. Digər tərəfdən, bu ölkəyə müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, vətəndaşların dövlət idarəçiliyində və islahatların aparılması prosesində fəal iştiraka cəlb olunması kimi məsələlərdə də əlavə stimullar yaradacaqdır.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitikləri Yusif Səfərov və Ayaz Museyibov monitorinq və qiymətləndirmə üzrə proqram təminatına dair təqdimatla çıxış etdilər. Bildirilib ki, portal monitorinq və qiymətləndirmə prosesini institusionallaşdırır, islahat proseslərini rəqəmsallaşdırır, koordinasiya və kommunikasiyanın effektivliyini artırır, hesabatlılıq, şəffaflıq və səmərəliliyi yüksəldir. Əlavə olunub ki, Portal icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini tam əhatə edir. Monitoring.az portalının fəaliyyət mexanizminə uyğun olaraq əlaqələndirici, icraçı qurumların, monitorinq qrupunun funksionallıqları barədə iştirakçılara geniş məlumatlar təqdim olunub. İİTKM-in analitikləri qeyd ediblər ki, portaldan istifadə nəticəsində məlumat mübadiləsinə sərf olunan vaxt azalacaq, real vaxt rejimində hesabatlılıq, performans analizi imkanları yaranacaq, monitorinq və qiymətləndirmə prosesinin keyfiyyəti yüksələcək.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri qarşıdakı müddət ərzində proqram təminatı ilə bağlı dövlət qurumları ilə görüşlərin və təlimlərin keçiriləcəyini bildiriblər.    
Buro haqqinda

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi icra vəziyyəti müzakirə olunub

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi  icra vəziyyəti müzakirə olunub   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji yol xəritələrinin 2019-cu ildə icra vəziyyətinə dair müzakirələrə start verilib. İlk olaraq “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə bu il görülən işlərin icraçı qurumlarla birlikdə müzakirəsi aparılıb.   Müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkədə aparılan iqtisadi islahatların əsas istiqaməti kimi fiskal dayanıqlılığın gücləndərilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi tədbirləri müzakirə edilib. Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.  V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsinə uyğun olaraq biznes mühitinin əlverişliliyinin artırılmasınının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 mln. manat və ya 4,3 faiz azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 mln. manat və ya 20,6 faiz artıb.” Qeyd edək ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Statistika Komitəsi ASAN Xidmət və digər qurumların nümayəndələri iştirak edib.

Xəbərlərə abunə olun

Xəbərlərimizdən və keçirilən görüşlərimizdən xəbərdar olmaq üçün abunə olun