Portal sınaq rejimində fəaliyyət göstərir

 

“Monitoring.az” portalının təqdimatı keçirilib

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP şirkəti ilə birgə hazırladığı yeni “monitoring.az” portalının təqdimat mərasimi keçirilib. Portalın yaradılmasının əsas məqsədi strateji yol xəritələrinin və digər dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasında olan “kommunikasiya məsafəsini” azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır.

Təqdimat mərasimini giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elektron hökümət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılması çevik və səmərəli dövlət idarəetməsini təmin edir. İİTKM strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir. V.Qasımlı islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqlarının nəticəsi olduğunu qeyd edib: “Monitoring.az portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində Böyük Verilənlər (Big Data) bazası yaratmağa imkan yaradır.

Digər tərəfdən Azranking.az portalı isə Verilənlər Bazasından istifadə etməklə islahatların generasiyasını təmin edir və islahatlar da yenidən monitorinq olunur. Gələcəkdə Monitorinq.az və Azranking.az portalları arasında funksional əlaqə “müdrik çevrə” yaradacaq. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın özünəməxsus iqtisadi islahatların idarəedilməsi modeli yaradılmışdır. Monitoring.az portalı İİTKM-in monitorinq institutu kimi qiymətləndirmə, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də sürətlənməsinə müsbət təsir göstərəcək.”

 Daha sonra BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli İİTKM-in BP ilə elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək layihəsinin uğurla başa çatmasından məmnunluq ifadə edib: “BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiyimiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.”

Qeyd edək ki, elektron portalın fəaliyyətə başlaması ölkədə monitorinq və qiymətləndirmə prosesinin hesabatlılıq, şəffaflıq, çeviklik, obyektivlik, qanunun aliliyi, səmərəli qərar qəbuletmə və yaxşı idarəetmə prinsiplərinə əsaslanmaqla koordinasiyasına imkan yaradacaqdır. Belə idarəetmə ilk növbədə ədalətli təmsilçiliyə, bürokratik prosedurların azalmasına, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir. Belə bir portalın istismara verilməsi elektron platforma vasitəsilə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, məlumat mübadiləsinə sərf olunan vaxtın maksimum azaldılmasına şərait yaradacaqdır. Digər tərəfdən, bu ölkəyə müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, vətəndaşların dövlət idarəçiliyində və islahatların aparılması prosesində fəal iştiraka cəlb olunması kimi məsələlərdə də əlavə stimullar yaradacaqdır.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitikləri Yusif Səfərov və Ayaz Museyibov monitorinq və qiymətləndirmə üzrə proqram təminatına dair təqdimatla çıxış etdilər. Bildirilib ki, portal monitorinq və qiymətləndirmə prosesini institusionallaşdırır, islahat proseslərini rəqəmsallaşdırır, koordinasiya və kommunikasiyanın effektivliyini artırır, hesabatlılıq, şəffaflıq və səmərəliliyi yüksəldir. Əlavə olunub ki, Portal icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya proseslərini tam əhatə edir. Monitoring.az portalının fəaliyyət mexanizminə uyğun olaraq əlaqələndirici, icraçı qurumların, monitorinq qrupunun funksionallıqları barədə iştirakçılara geniş məlumatlar təqdim olunub. İİTKM-in analitikləri qeyd ediblər ki, portaldan istifadə nəticəsində məlumat mübadiləsinə sərf olunan vaxt azalacaq, real vaxt rejimində hesabatlılıq, performans analizi imkanları yaranacaq, monitorinq və qiymətləndirmə prosesinin keyfiyyəti yüksələcək.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri qarşıdakı müddət ərzində proqram təminatı ilə bağlı dövlət qurumları ilə görüşlərin və təlimlərin keçiriləcəyini bildiriblər.