“Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiq edilib.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Yeni qaydalar “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Yeni Qaydaya əsasən, layihənin hazırlanması prosesində ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, habelə aidiyyəti qurumların təklifləri, dünya təcrübəsi, müvafiq sahələrdə keçirilən digər layihələrlə qarşılıqlı təsirin qiymətləndirilməsi nəzərdə tutulur. Qayda layihəsi dövlət proqramları üzrə müəyyən edilən əlaqələndirici qurumlara dövlət proqramında qeyd olunan hər bir tədbir və alt-tədbirlərin vahid koordinasiya orqanı tərəfindən nəzarətin təmin olunmasına zəmin yaradır. Yeni Qaydanın qəbulu ilə dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinə həm fəlsəfi, həm də metodoloji baxış bucağı dəyişir.Eləcə də, fəaliyyət əsaslı monitorinq və qiymətləndirmədən, artıq nəticəəsaslı monitorinq və qiymətləndirməyə keçidi müşahidə edilir. Bu, o deməkdir ki, artıq müvafiq icraçı orqanlar qarşısında monitorinq və qiymətləndirilmə zamanı, “onlar bunu ediblər?” sualı deyil, “nə olsun (so what ?)” sualı qoyulacaq. Yəni görülən işin icra olunub-olunmaması deyil, konkret nəticə və təsirləri qiymətləndiriləcək. Dövlət proqramları hələ tərtib mərhələsində olarkən görüləcək işlərin monitorinq və qiymətləndirilməsi üçün konkret indikator göstəricilər müəyyən olunacaq. Bu göstəricilər isə əvvəlcədən müəyyən edilmiş icrası nəzərdə tutulan tədbirlər nəticəsində problemlərin hansı dərəcədə həll edilməsini müəyyən edən indikatorlar olacaq. Monitorinq və qiymətləndirmə prosesində artıq indikatorlar üzrə ilkin baza göstəricilərinin müəyyən olunması ilə tədbirlərin həyata keçirilməsindən əvvəlki (ex-ante) və sonrakı (ex-post) vəziyyətin müqayisəli təhlilinin aparılmasına imkan yaranır. Yeni qaydalar monitorinq və qiymətləndirmə üçün tərtib edilən indikatorların üç mərhələ üzrə təsnifatlaşdırılmasını tələb edir: ilkin, aralıq və yekun nəticə indikatorları. İndikatorların bu formada bölgüsü dövlət proqramlarının icrasından gözlənilən nəticələrin dövri olaraq monitorinq və qiymətləndirilməsinin aparılmasına imkan yaradır.
Yeni Qaydanın təsdiqi ilə monitorinq və qiymətləndirmənin aparılması üçün tərtib edilən suallar üç əsas göstərici effektivlik, uyğunluq və səmərəlilik kateqoriyaları üzrə tərtib olunacaq ki, bu da beynəlxalq səviyyədə tanınmış monitorinq və qiymətləndirmə metodologiyasıdır. Qeyd olunmalıdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Dünya Bankı tərəfindən bu metodoloji çərçivədən istifadə edilir.