Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji  Yol Xəritəsi müzakirə olunub. Müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və icrası davam edən  tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 7 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması, Tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi, Logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkətverici mexanizmlərin tətbiqi istiqamətlərində tədbirlərdən ibarət olub.

 Qeyd edək ki, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, "Bakı Beynəlxalq Dəniz Limanı" QSC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəravtoyol" ASC", “Silk Way Aviaşirkəti” MMC, “Azərbaycan Hava Yolları" QSC və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edib.