Portal sınaq rejimində fəaliyyət göstərir

Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə olunub. İclasda icraçı qurumların fəaliyyətinin əlaqləndirilməsi,  monitorinq və qiymətləndirmə sahəsində izahat və qarşıda duran tapşırıqların uğurla həyata keçirilməsi məsələlərinə toxunulub.

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu  hədəflər ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, maliyyəyə çıxışın asanlaşdırılması,  kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət  xidmətləri sisteminin inkişafı, kənd yerlərində məşğulluqun artırılması və əhalinin rifahının yüksəldilməsi və digər tədbirlərdən  ibarət olub.

Vüsal Qasımlı qeyd edib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. Prezident  İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7  ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq  məhsullarının istehsalı isə 3,1 faiz artıb. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək  göstəricisidir. Həmçinin, tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub. Ümumiyyətlə isə 2019-cu ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. 2019-cu ilin yanvar-iyun aylarında 411.8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27.9 faiz artım deməkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və digər qurumların nümayəndələri iştirak edib.