Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə edilib

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub.  Müzakirələr zamanı icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi,  kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılması və s. istiqamətlərdə tədbirlərdən ibarət olub.

V. Qasımlının sözlərinə görə qarşıya qoyulan hədəflərə vaxtında və uğurla nail olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri artıb. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı 2016-cı ilin sonu ilə müqayisədə 3 dəfəyə yaxın artıb.

Digər tərəfdən, 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman” da bank sektorunda aktivliyin artmasına şərait yaratmaqla bərabər, qeyri-işlək kredit portfelinin də əsaslı şəkildə azalması üçün çox möhkəm əsaslar yaradıb. Görülən tədbirlərin və aparılan islahat tədbirlərinin nəticəsində qeyri-işlək kreditlərin həcmində post-krizis dövründə ümumilikdə  4 faizlik rekord həcmdə azalmaya nail olunub.

Son 3 ilin statistik göstəricilərinə əsasən ölkədə fiziki şəxslərin əmanətlərinin tərkibində xarici valyutalara nisbətdə manatın xüsusi çəkisi 2.5 dəfədən çox artıb və dedollarizasiya prosesləri güclənib.